Gəncədə valyutadəyişmə məntəqəsinin sahibinə hücum: 25 min manat aparıldı

Gəncədə valyutadəyişmə məntəqəsinin sahibinə hücum edən naməlum şəxslər onu qarət ediblər.

 

APA TV-nın qərb bürosunun xəbərinə görə, hadisə ötən gün  şəhərin Dədə Qorqud küçəsi ilə Nizami küçəsinin kəsişməsində qeydə alınıb.

 

Sözügedən ərazidə valyutadəyişmə məntəqəsi olan 1971-ci il təvəllüdlü Kəmaləddin Əliyev işlədiyi obyektdən çıxaraq avtomobilinə əyləşmək istəyərkən iki nəfərin hücumuna məruz qalıb: "İkisi də üstümə birdən hücum çəkdilər. Biri çantamı aldı, o biri isə başıma zərbələr endirməyə başladı. Məni yerə yıxdılar. Əlimdəki çantanı götürüb qaçdılar".

 

Kəmaləddin Əliyev başın kəsilmiş-çapılmış xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Kəmaləddin Əliyev bildirib ki, onu soyan şəxslərin apardığı çantada 25 min manat pul olub. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli