Qəbələdə IV Beynəlxalq İncəsənət Sərgisinin açılışı oldu

Azərbaycan Mədəniyyəti Fondunun və SEBA (Seul-Baku) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə Qəbələdə IV Beynəlxalq İncəsənət Sərgisinin açılışı olub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, bu il Azərbaycanda ilk dəfə olaraq keçirilmiş Birinci Avropa Oyunlarına həsr edilən “İdman, gözəllik və həyat” mövzusundakı sərgidə dünyanın 19 ölkəsini təmsil edən 112 rəssamın 137 əsəri nümayiş etdirilir.

 

Heydər Əliyev adına Konqres Mərkəzində təşkil olunan sərginin açılış mərasimində “Azərbaycan dövlətçiliyi və mədəniyyəti” adlı sənədli film nümayiş olunub. Mərasimdə çıxış edən SEBA-nın sədri Ruhəngiz Heydərova hər il keçirilən bu tədbirin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Bu sərginin mədəniyyətimizin genişmiqyaslı təbliği istiqamətində reallaşdırılan layihələrin davamı olduğunu bildirən Ruhəngiz Heydərova tədbirin keçirilməsinə yaxından köməklik göstərən Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyəti Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya minnətdarlıq edib.

 

Heydər Əliyev Mərkəzinin icraçı direktoru Anar Ələkbərov Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyəti Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın sərgi iştirakçılarına təbrik məktubunu oxuyub.

 

Gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Azərbaycan, Rusiya və SSRİ-nin xalq rəssamı, akademik Tahir Salahov, Koreyanın ölkəmizdəki səfiri Kim Çanq Gyu, Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarov, Rusiya Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov çıxış edərək, bu beynəlxalq incəsənət sərgisinin mədəniyyətlərarası dialoqun tərkib hissələrindən biri olduğunu bildirib, bu incəsənət bayramının ənənəvi olaraq keçirilməsini arzulayıblar.

 

Çıxışlardan sonra sərginin açılışını bildirən rəmzi qırmızı lent kəsilib və rəsm əsərlərinə baxış keçirilib.

 

Qeyd edək ki, mərasimdə Milli Məclisin deputatları, dünya şöhrətli kino ulduzu, məşhur Hollivud aktyoru Stiven Siqal, eləcə də dövlət və hökumət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Sərgi yanvarın 7-dək fəaliyyət göstərəcək.

Müəllif | Apa.Tv
Elvin Yaqubov