Rusiyada yaşayış binası partladı: 11 ölü
Ötən gün Rusiyanın Volqoqrad vilayətində 9 mərtəbəli yaşayış binasında ardıcıl olaraq iki partlayış baş verib.
APA TV-nin məlumatına görə, nəticədə binada yanğın başlayıb, 1-ci mərtəbədən 9-cu mərtəbəyədək binanın bir hissəsi çöküb, 36 mənzil zərər görüb.
Hadisə Kosmonavtlar küçəsində qeydə alınıb. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, ikinci partlayışın qaz qalıqlarının söndürülməsi zamanı baş verdiyi ehtimal edilir. Bildirilir ki, hadisə 7-ci mərtəbədə baş verib. İlk partlayış baş verdikdən sonra 7-ci mərtəbədə yerləşən mənzillər uçub. Həmin mənzillərin söndürülməsi zamanı isə ikinci partlayış baş verib. Hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb.
Partlayış nəticəsində 11 nəfər ölüb, 14 nəfər dağıntılar altında qalıb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlardan üçü uşaqdır. Dağıntılar altından beş nəfərin meyiti çıxarılıb. Daha 10-14 nəfərin dağıntılar altında qaldığı ehtimal edilir. Onlardan heç kimin səsi gəlmir, çığırtı və qışqırıq səsləri yoxdur.
“Mənzillərdən birində iki, digərində də iki yanmış meyit tapılıb. Nərdivan meydanında bir, yeddinci mərtəbədə isə daha bir nəfərin meyiti aşkarlanıb”, – deyə hadisə ilə bağlı yaradılmış qərargahdan bildirilib.
Volqoqrad Vilayəti üzrə İstintaq İdarəsindən verilən məlumata görə, hadisəyə səbəb ola biləcək ehtimallar araşdırılır. Hadisənin terror aktı ola biləcəyi də istisna edilmir. Ancaq hadisəyə ilkin ehtimal kimi texniki təhlükəsizlik qaydalarına riayət edilmədiyi göstərilib.