İstanbulda PKK tərəfdarlarının aksiyası dağıdıldı
Ötən gün İstanbulda Türkiyənin cənub-şərqindəki terror əməliyyatlarına qarşı aksiya keçirən qruplara polis sərt müdaxilə edib.
APA TV-nin məlumatına görə, Qalatasaray meydanına toplaşan və terror təşkilatı PKK lehinə şüarlar səsləndirən qrupa polis dağılışmaları üçün xəbərdarlıq edib. Buna baxmayaraq, aksiya keçirən qruplar dağılmayıblar.
Əraziyə əlavə polis qüvvələri cəlb olunduqdan sonra aksiya iştirakçılarına su şırnaqları və bibər qazı ilə müdaxilə olunub. Şişli və Beyoğlu küçələrində olan qarşıdurmada 37 nəfər saxlanılıb.
Axşam saatlarına kimi davam edən etiraz aksiyası zamanı PKK tərəfdarları 2 avtobusla bir avtomobili yandırıblar.
Məlumat üçün bildirək ki, Türkiyənin Cənub-Şərqində terror təşkilatı PKK-ya qarşı hərbi əməliyyatlar davam edir. 6 gündür Cizrə və Silopidə davam edən əməliyyatlarda 87 terrorçu, Diyarbəkirin Sur qəsəbəsində 24 gündür davam edən əməliyyat zamanı isə 36 terrorçu öldürülüb.