Həbsdə olan MTN polkovniki İlqar Əliyev özünü asdı

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış polkovnik İlqar Əliyev özünü öldürüb.

 

APA TV-nin məlumatına görə, İ.Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasında (BİT) həyatına qəsd edib.

 

İ.Əliyevin vəkili Rəşad Mirmehdizadə APA-ya açıqlamasında olay barədə mətbuatdan xəbər tutduğunu və dərhal hadisənin baş verdiyi BİT-ə yollandığını bildirib.

 

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti polkovnik İlqar Əliyevin ölümü ilə bağlı məlumat yayıb. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya daxil olan məlumatda bildirilib ki, dekabrın 20-də saat 15:55 radələrində Cinayət Məcəlləsinin 302.2, 308.2 və 309.1-ci maddələri ilə təqsirləndirilən və barəsində həbs-qətimkan tədbiri seçilmiş, Bakı istintaq təcridxanasının ikinəfərlik kamerasında saxlanılan İlqar Mustafa oğlu Əliyev intihar edib. Kamera yoldaşı telefon danışığı hüququndan istifadə etmək üçün kameranı tərk etdiyi qısa müddət ərzində orada tək qalmış İ.Əliyev mələfəni ip formasına salaraq pəncərədəki dəmir barmaqlığa bağlayaraq özünü asıb.

 

Kamera yoldaşı qayıtdıqdan sonra hadisə ilə bağlı dərhal müəssisənin əməkdaşlarına məlumat verib, tibb heyətinin iştirakı ilə təxirə salınmadan İ.Əliyevin həyatının xilas edilməsinə yönələn tədbirlər görülməsinə baxmayaraq, həmin anda ölüm halı artıq baş verdiyindən, ona göstərilən tibbi yardım nəticəsiz qalıb.

 

Hadisə barədə dərhal aidiyyəti istintaq orqanlarına, İ.Əliyevin qohumlarına və müdafiəçisinə məlumat verilib.

 

Hadisə yeri Bakı şəhər prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə müayinə edilib. Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

 

Müəllif | Apa.Tv