Mübariz Qurbanlı: "İrəvandakı Göy məscidin rəhbəri ermənidir"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri İrəvanda yerləşən Göy məscidin İrana icarəyə verilməsi məsələsinə münasibət bildirib.

 

APA TV-nin xəbərinə görə, komitə sədri sözügedən dini abidənin tarixən Azərbaycana məxsus olduğunu deyib və işğalçı rejimin məsciddən təbliğat vasitəsi olaraq istifadə etdiyini vurğulayıb: "İrəvanda və Ermənistan ərazisində olan bütün məscidlər Azərbaycana məxsusdur, Azərbaycanın tarixi abidələridir. Həmin məscid hazırda Ermənistan rejimi tərəfindən bir təbliğat vasitəsi kimi saxlanılmaqdadır. Həmin məscidin də İrana icarəyə verilməsi yalnız təbliğat xarakteri daşıyır. Siz gedib o məscidə baxsanız, orada ibadətə gələn də yoxdur. Çünki orada azərbaycanlı yoxdur".

 

Komitə sədri ermənilərin işğal etdiyi torpaqlarımızdakı məscidləri vəhşicəsinə dağıtdığına diqqət çəkərək, bunun erməniliyin bir nümunəsi olduğunu da qeyd edib: "Eyni zamanda həmin məscidə hazırda rəhbərlik edən adamın özü də ermənidir və onun da müsəlman olub-olmadığı bəlli deyil. Ermənistanın faşist rejimi məscidlərə, dini abidələrə sayğı ilə yanaşmış olsaydı, işğal etdiyi tarixi torpaqlarımızdakı yüzlərlə məscidi yerlə-yeksan etməzdi, dağıtmazdı. Erməni millətçiliyinin bir nümunəsidir ki, onlar bunun üçün məsciddən istifadə edirlər".

 

Müəllif | Apa.Tv
Apa.tv