"İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir" kitabı təqdim olundu

Dekabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən nəşr olunan "İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir" kitabının təqdimatı keçirilib.

 

APA TV-nin xəbərinə görə, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin, eləcə də Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini icmaların nümayəndələri iştirak edib.

 

Bildirilib ki, kitabda prezident İlham Əliyevin dövlət-din münasibətləri ilə əlaqədar imzaladığı sərəncamlar, tolerantlıq ideyalarının təbliğinə yönələn çıxışları, müxtəlif vaxtlarda keçirilən beynəlxalq konfransların iştirakçılarına ünvanladığı müraciətlər toplanıb.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı kitabın yaranma ideyası və zərurətlərindən danışıb. Natiq bildirib ki, tarix boyu ölkəmizdə din və dövlət münasibətləri yüksək səviyyədə olub. Kitabın adına gəlincə, komitə sədri bildirib ki, bu ad prezident İlham Əliyevin şəxsən özünün çıxışlarından birində söylədiyi fikirlərdən yola çıxılaraq seçilib: "Bu kitabda prezidentimiz cənab İlham Əliyevin ayrı-ayrı dini mərasimlərdə, o cümlədən dini məbəd və abidələrin açılışında iştirakı, burada etdiyi çıxışlar və müxtəlif vaxtlarda söylədiyi fikirlər toplanıb, ayrıca dərc edilib. Bizim məqsədimiz ondan ibarətdir ki, prezidentimizin dövlət-din münasibətləri ilə əlaqədar həyata keçirdiyi siyasət, o cümlədən söylədiyi fikirlər ictimaiyyətə və xüsusilə dini konfessiyalara daha geniş şəkildə çatdırılsın. Belə bir toplunun çap olunması həm ayrı-ayrı dini icmalar, həm mütəxəssislər və tədqiqatçılar, həm də tələbələr tərəfindən istifadə edilə bilər".

 

Çıxış edənlər bu kitabın ümumilikdə cəmiyyətimiz üçün çox faydalı bir vəsait olacağına əminliklərini ifadə ediblər.

 

Müəllif | Apa.Tv
Apa.tv