Lənkəranda Memarlar İttifaqının plenumu keçirildi

Dekabrın 21-də Lənkəran şəhərinin Heydər Əliyev Mərkəzində Azərbaycan Memarlar İttifaqının (AMİ) təşkilatçılığı və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) dəstəyi ilə  memarların qış plenumu keçirilib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, tədbirdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədr Elbəy Qasımzadə, yerli icra strukturlarının rəsmiləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.


Tədbir iştirakçıları öncə ölkə memarlarının yaradıcılığını əks etdirən “Müasir Azərbaycan memarlığı” adlı sərgi ilə tanış olublar. Tədbiri giriş sözü ilə açan Lənkəran ŞİH başçısı Taleh Qaraşov plenumun işinə uğurlar arzulayıb.

 

Memarlar İttifaqının sədri Elbəy Qasımzadə isə çıxışında son illər ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri sayəsində şəhərsalma və memarlıq sahəsinin inkişafına da mühüm töhfələr verildiyini bildirib. Paytaxt Bakı ilə yanaşı, regionlarımızın da simasının tamamilə dəyişilərək yeniləndiyini və müasirləşdiyini xüsusi vurğulayan natiq bu mənada Lənkəranda da geniş abadlıq-quruculuq işlərinin şahidi olduğunu qeyd edib.

 

Plenumda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov “Lənkəran şəhərinin Baş planının layihələndirilməsi və inkişafı”, Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun dosenti Rahibə Əliyeva “Lənkəranın şəhərsalma və memarlıq irsi” mövzusunda, həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova çıxış ediblər.

 

Plenumda AMİ-yə yeni üzvlər qəbul edilib, şəhərsalma və memarlıq sahələrində fəal iştirak etdiklərinə və Lənkəranın memarlıq simasının zənginləşdirilməsində göstərdikləri xidmətlərinə görə 3 nəfərə AMİ-nin fəxri fərmanları verilib, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov isə AMİ-nin fəxri üzvü seçilib.

 

Tədbirin sonunda AMİ-nin Lənkəran zonası üzrə şöbəsinin təsis edilməsi barədə qərar qəbul edilib.

 

Müəllif | Apa.Tv