Azərbaycanda "sıfır tullantı" parkı - REPORTAJ

İllər öncə burada ərazi neft məhsulları ilə çirklənmişdi. Tamamilə yararsız hala düşən böyük ərazi əhalinin sağlamlığı üçün də təhlükəli idi. Bir neçə il əvvəl H.Z.Tağıyev NQÇİ-nin ərazilərində təmizlik işləri aparıldı və yaşıllıq salındı. 9,3 hektar ərazidə “Ekoloji park” yaradıldı.

 

Burada yaradılan hər şey təbiidir. Su dəyirmanı, taxta oturacaqlar, qədim suvarma sistemi... Ərazidə kimyəvi məhsullardan demək olar ki, istifadə olunmayıb. Havası olduqca təmiz olan ərazidə geniş yaşıllıq salınıb. Siqaret çəkməyin qadağan edildiyi ərazidə digər təhlükəsizlik qaydalarına riayət etmək üçün qonaqlara geniş təlimat verilir.

 

Parkın elektrik enerjisinə olan tələbatının azı 50 faizi alternativ enerji mənbələri hesabına təmin olunur. Həmçinin parkın ərazisində hər biri 10 kilovat/saat enerji hasil etmək üçün 4 külək generatoru, eləcə də ümumi gücü 20 kilovat/saat olan günəş batareyaları quraşdırılıb. Alternativ enerji mənbələrinin hesabına hasil olunacaq elektrik enerjisinin ümumi həcmi 60 kilovat/saat təşkil edir. Alternativ enerji mənbələrindən istifadə, ətraf mühitinin dostu olan nəqliyyat vasitələrinin tətbiqi buranı ənənəvi parklardan fərqləndirən amildir.

 

Parkın ərazisində havanı çirkləndirəcək heç bir nəqliyyat vasitəsindən istifadə olunmur. Burada əsasən velosiped və elektrik maşınlarından istifadə edilir.

 

Parkın ərazisində SOCAR-ın struktur bölmələrinin, eləcə də başqa dövlət idarələrinin, o cümlədən Təhsil Nazirliyinin ekoloji maarifləndirilməsi məqsədilə ekoloji mərkəz var. Abşeron yarımadasının nadir ağac və kol bitkilərinin çoxaldılması, suya enerjiyə digər resurslara qənaət etməyə imkan verən damcı suvarma sisteminin tətbiqi həyata keçirilir.

 

Parkın şitilxanasında Azərbaycan florasının relikt ağac növlərindən Eldar şamı, Xəzər lələyi, ipək akasiyası ümumilikdə isə nəsli kəsilməkdə olan 13 ağac və kol növünə qulluq edilir. Biz də bu gün APA TV adından eldar şamı bitkisini dibçəkdə basdıracağıq.

 

Dövlət Neft Şirkətinin vitse-prezidenti Rəfiqə Hüseynovanın sözlərinə görə, neftlə çirklənmiş digər ərazilərin də təmizlənməsi işləri aparılır: "Təsəvvür edin 10 hektar ərazi necə çirklənmişdi. Bura təmizləndi, münbitləşdi, sonra yaşıllıq salındı. Məqsəd həm də odur ki, orada ağaclar əkilsin, sonra Dövlət Neft Şirkətinin NQÇİ-nə verilsin".

 

Bura həm də respublika sənaye müəssisələri, ictimaiyyət nümayəndələrinin ekoloji maarifləndirilməsində təcrübə vasitəsidir.

 

Parkın yaradılmasında əsas məqsəd ekoloji təbliğat, ekoloji tərbiyə və ətraf mühitinin qorunmasının sosial vəzifə olduğunu göstərməkdir. Bu pilot layihə Dövlət Neft Şirkətinin sıfır tullantı siyasətini təbliğ edir.

 

Müəllif | Apa.Tv