Əli Həsənov: "Hökumət tənzimləyici mexanizmlərdən istifadə edəcək"
"Azərbaycan hakimiyyəti milli valyutamızın sabit qalması üçün dünənə qədər mümkün olan bütün addımları atdı və tədbirləri gördü. Baxmayaraq ki, əksər neft istehsal edən ölkələr, o cümlədən Azərbaycanın yaxın ticarət və iqtisadi tərəfdaşları, MDB ölkələri öz pul siyasətlərinə xeyli əvvəl dəyişiklik etmişdilər. Mütəxəssislər yaxşı bilir ki, müdaxilə yolu ilə valyutanın sabitliyinin qorunması dövlətə nə qədər çətin itkilər hesabına başa gəlir". Bu fikirləri APA-ya müsahibəsində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
O bildirib ki, “üzən kurs”a keçid də cəmiyyət üçün itkisiz başa gəlmir və özü ilə bir çox sosial-iqtisadi problemlər gətirir, dövlətin daxili həyatına, ictimai rəyə mənfi təsirsiz ötüşmür: "Son günlər Azərbaycanda hamıya bəlli idi ki, “üzən kurs”a keçid prosesi qaçılmaz həddə çatıb və Milli Bank bununla hesablaşmaq məcburiyyətindədir. Bilirsiniz ki, neçə vaxtdır dünyada iqtisadi böhran yaşanır, ölkələrin əksəriyyətində milli istehsal və gəlirlər azalır, valyutalar dəyərini itirir. İqtisadi qüdrətindən və potensialından asılı olmayaraq, əksər ölkələrdə - dünyanın ən qüdrətli dövlətlərindən olan Çindən tutmuş, kiçik dövlətlərə qədər – bütün ölkələrdə milli valyuta sürətlə dəyərdən düşür. Bizim ən yaxın ticarət tərəfdaşlarımız – Rusiya, Türkiyə, İran, Qazaxıstan, Gürcüstan və digərlərinin milli valyutaları çoxdan sərbəst buraxılmışdı ki, bu da onlarla iqtisadi və ticarət əlaqələrimizə problemlər yaradırdı. Azərbaycanın daxili istehsalı manatın sabit və yüksək kursu səbəbindən getdikcə aşağı düşürdü. Belə bir vəziyyətdə, manatın kursunun sərbəstləşdirilməsi qaçılmaz idi".
Əli Həsənov bildirib ki, Azərbaycan hakimiyyəti əhalinin sosial vəziyyətinə mənfi təsir göstərə biləcək prosesləri mümkün qədər ağrısız etməyə və ləngitməyə çalışıb: " Amma, bilirsiniz ki, ölkəmiz qlobal dünyanın bir hissəsidir və biz də planetimizdə yaşanan iqtisadi proseslərlə ayaqlaşmaq, buna uyğunlaşmaq məcburiyyətində qaldıq. Bir faktı da qeyd etmək istəyirəm ki, Azərbaycan neft ölkəsidir və bizim kimi ölkələr dövlət büdcəsinin əsas gəlir mənbəyi olan neftin kəskin ucuzlaşması faktorunu nəzərə almaya bilməz. Bu ilin əvvəlindən dünya bazarlarında neft və neft məhsullarının qiyməti 3 dəfə ucuzlaşıb. Bu hal müvafiq olaraq, Azərbaycanın neft gəlirlərinin də 3 dəfə azalması deməkdir. Əsas gəlir mənbəyi neft olan digər ölkələr, o cümlədən bizim yaxın qonşularımız artıq bu ilin əvvəlindən milli valyutalarının kursunu sərbəst buraxmaq məcburiyyətində qaldığı halda, Azərbaycan Milli Bankı bu kəsiri uzun müddət öz ehtiyatları hesabına ödəməyə çalışdı. Lakin bu prosesi daim valyuta ehtiyatları hesabına tənzimləmək gələcəkdə ölkənin iqtisadi vəziyyətinə daha böyük zərbələr vura bilərdi".
Əli Həsənov qeyd edib ki, dünyadakı iqtisadi böhran, Azərbaycanın ən yaxın ticarət tərəfdaşlarının milli valyutalarının sərbəst buraxılması, üstəlik beynəlxalq konyuktura, neftin kəskin ucuzlaşması və s. Milli Bankın son qərarını qaçılmaz edib: "Lakin bu o demək deyil ki, hakimiyyət bu prosesi öz axarına buraxıb heç bir tənzimləyici mexanizmlərdən istifadə etməyəcək. Hökumətimiz İlk növbədə, çalışacaq ki, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar üçün bu prosesi maksimum ağrısız etsin. İndiki şəraitdə daxili istehsalın stimullaşdırılması, kölgə iqtisadiyyatının hələ də haradasa qalan digər sahələrini – monopoliyaları, korrupsiya hallarını, sahibkarların fəaliyyətinə süni maneələr törədilməsini və s. aradan tam qaldırmaq üçün bütün addımlar atılacaq. İndiki mərhələdə əsas məqsəd devalvasiyanın qaçılmaz olan mənfi fəsadlarını yeni bazar mexanizmləri ilə kompensasiya etməkdir. Və vətəndaşlarımız əmin olsunlar ki, Azərbaycan hakimiyyəti bunun üçün bütün lazımi tədbirləri görəcək".