Mikayıl Əliyev küçəsi sürücülərin ixtiyarına verildi

Bakının Nizami rayonundakı Mikayıl Əliyev küçəsi “Azəryolservis” ASC tərəfindən kompleks şəkildə təmir edilərək sürücülərin ixtiyarına verilib.

 

“Azəryolservis”dən APA TV-yə verilən xəbərə görə, küçənin Rüstəm Rüstəmov küçəsi və Babək prospektləri arasında yerləşən hissəsində aparılan təmir-tikinti işləri artıq yekunlaşıb. Təmir işlərinin aparıldığı ərazinin uzunluğu 1450 metr, küçənin ortalama eni isə 20 metrdir.

 

Sözügedən ərazidə 1 km-dən artıq yağış-kanalizasiya sistemi qurulub, küçə boyu yeni yağış barmaqlıqları qoyulub, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib. Zəruri olan yerlərdə 1,5 metr enində yeni piyada səkiləri yaradılıb. Yolun kənarına 3 min paqon metrə yaxın səki daşları düzülüb.

 

Təmir-tikinti işləri zamanı köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənib. Ümumilikdə sözügedən ərazinin 2 qat olmaqla 30 min kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Küçənin Babək prospektinə çıxan hissəsində, təqribən 150 metrlik bir ərazidə yolun 4-5 metr genişləndirilməsi işləri də aparılıb.

 

Yol boyu işıqlandırma sistemi yenilənib, nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

 

Xatırladaq ki, bir müddət öncə Mikayıl Əliyev küçəsinin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında yerləşən hissəsi də təmir edilərək yeni görkəmdə sürücülərin ixtiyarına verilib.

Müəllif | Apa.Tv
Apa.tv