Elman Rüstəmov: "Manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verilməyəcək"
“Mərkəzi Bank manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verməyəcək”. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov dövlət televiziyasına müsahibəsində AzTV-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ötən ilin iyun ayından etibarən beynəlxalq bazarlarda neftin qiyməti 3 dəfədən çox düşüb. Bu, Azərbaycanın gəlirlərini əhəmiyyətli dərəcədə aşağı salıb, ölkənin tədiyyə balansına əhəmiyyətli təsir edib.
Elman Rüstəmov əlavə edib ki, valyuta bazarına və məzənnəyə təsir edən amil yalnız neftin sürətlə ucuzlaşması deyil. Hazırda tərəfdaş ölkələrdə davam edən devalvasiyalar da bu məsələdə az rol oynamır: “Son aylarda volatilliyin daha da artması nəticəsində bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi 100%-i ötüb ki, bu da manatın məzənnəsinə təsir etməyə bilməz. Məsələn, İran rialı son 3 ildə 120% devalvasiyaya uğradı, Qazaxıstan təngəsi 108%, Rusiya rublu 2 dəfədən çox qiymətdən düşüb. Manat isə bir dəfə devalvasiyaya uğrayıb. Bizim bu ölkələrlə ciddi ticarət əlaqələrimiz var. Ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərin yaranmasını nəzərə alaraq, cari ilin fevral ayında manatın devalvasiyası baş verdi”.
Elman Rüstəmovun sözlərinə görə, bu səbəbdən Azərbaycanda üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul olunub. Lakin söhbət idarə olunan üzən məzənnədən gedir: “Mərkəzi Bank manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verməyəcək. Bugünkü məzənnədən əhəmiyyətli dərəcədə kənarlaşma iqtisadiyyatımız üçün ciddi çaşqınlıq yarada bilər. Bu gün biz ilk auksionumuzu təşkil etdik. Biz həmçinin məzənnənin əməliyyat çərçivəsini dəyişdik. Bundan öncə biz bazarın valyuta olan tələbini tam ödəyirdik. Lakin bundan sonra biz artıq bazara auksionlar vasitəsilə valyuta təklif edəcəyik, tələb-təklif proporsiyasına nəzər salacağıq”.
O ki qaldı yeni məzənnə sisteminin banklarda əhalinin əmanətlərinin, o cümlədən depozitlərin təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyətinə, E.Rüstəmov qeyd edib ki, bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görülür.
Mərkəzi Bank rəhbərinin fikrincə, üzən məzənnə rejiminə keçid idxalın kəskin azalmasına səbəb olmalıdır. E.Rüstəmov qeyd edib ki, manatın yeni qiyməti, onun dinamikası valyuta balansında olan gərginliyi əhəmiyyətli şəkildə azaldacaq: "Optimist ssenarimizə əsasən, bütövlükdə, idxal kəskin azalmalıdır. Bura kritik idxal aid deyil. Dəbdəbəli malların, zinət əşyalarının idxalına qarşı rüsum siyasəti sərtləşdirilməlidir. Məsələn, qonşu Türkiyə bu cür addım atıb. Biz bazarlarımızı qorumalıyıq, iqtisadi metodlarla idxalı məhdudlaşdırmalıyıq. Təbii ki, kimsə dəbdəbəli malları ölkəyə idxal etmək istəyirsə, böyük rüsumlar ödəməlidir, həmin rüsumlar da büdcəyə getməlidir”.
Baş bankir qeyd edib ki, ixracın stimullaşdırılması istiqamətində də zəruri addımlar atılmalıdır: "Məsələn, ixracatçılar üçün ucuz kreditlərin verilməsi, onlar üçün əlavə güzəştlərin müəyyən olunması istiqamətində işlər görülür".