Bakıda ticarətçinin boğazını kəsdilər - AİLƏSİNİN GÖZÜ ÖNÜNDƏ
Bakının Nizami rayonunda qətl hadisəsi törədilib. APA TV-nin məlumatına görə, hadisə Keşlə qəsəbəsinin Sabir küçəsində baş verib.
Gəncə sakini, 37 yaşlı Vüsal Ələkbər oğlu Xəlilov kirayədə yaşadığı evdə qətlə yetirilib. Naməlum şəxs onun boğazından bıçaqlayıb. Zərərçəkən hadisə yerində dünyasını dəyişib.
Hadisə zamanı onun həyat yoldaşı və övladı da evdə olub. Amansız cinayət onların gözü önündə törədilib.
Vüsal Xəlilov Bakıdakı ticarət mərkəzlərindən birində ticarətlə məşğul olurmuş.
Qətl hadisəsinin törədildiyi evə Nizami Rayon Polis İdarəsinin rəisi, rayon prokuroru gəliblər. Hadisə yerində müayinələr aparılıb, mərhumun ailə üzvlərinin ifadəsi alınıb. Vüsal Xəlilovun həyat yoldaşı əməliyyatçılara bildirib ki, kirayədə yaşadıqları evin ətrafında bir neçə gündür şübhəli adamlar görürmüş. Amma qətlin hansı səbəbdən törədildiyi məlum deyil.
Hadisə ilə bağlı başqa bir maraqlı məqam ondan ibarətdir ki, iki gün əvvəl Vüsal Xəlilovun bacısının həyat yoldaşına da hücum olub. Gəncədə valyutadəyişmə məntəqəsinin sahibi olan 1971-ci il təvəllüdlü Kəmaləddin Əliyev işlədiyi obyektdən çıxaraq avtomobilinə əyləşmək istəyərkən iki nəfərin hücumuna məruz qalıb. Onlar Kəmaləddin Əliyevin başına zərbələr endiriblər və içərisində 25 min manat olan çantasını aparıblar. Qohumlara qarşı iki cinayətin bir-biri ilə əlaqəsinin olub-olmadığı barədə hələlik heç bir məlumat yoxdur.
Hüquq-mühafizə orqanlarından APA TV-yə verilən məlumata görə, təhlükəsizlik kameralarının görüntüləri əsasında müəyyən edilib ki, Vüsal Xəlilov qətlə yetirilən vaxt ərazidə qırmızı rəngli "VAZ-2107" markalı avtomobil olub. Şübhəli avtomobil axtarışa verilib.
Araşdırmalar davam etdirilir.