İraq Türkmən Cəbhəsi təmsilçisi: “Türk hərbçilər Mosulda bizlərə hərbi təlim keçirlər”

“Telafer-Mosul önəmli türkmən mərkəzidir. Ora bizim nəzarətimizdə deyil, terror təşkilatının nəzarətindədir. İnsanlar yurdlarından didərgin düşüblər. Kərkük türkmənlər üçün önəmli, həssas bölgədir. Bu bölgədə son zamanlarda türkmənlərə qarşı sui-qəsdlər artıb. Hücumlar, qətliamlar, basqılar davam etməkdədir. Tələbələrimiz, müəllimlərimiz, din xadimlərimiz davamlı sui-qəsdlərə məruz qalırlar”.

 

Bu eksklüziv açıqlamanı APA TV-yə İraq Türkmən Cəbhəsi Ərbil millət vəkili Aydın Marif Səlim verib.

 

Onun sözlərinə görə, İraqda sistemli idarəetmə yoxdur: “İraqda bir qarğaşa var. Sistemli idarəçilik yoxdur.  İraqda türkmənləri yox etməyə çalışırlar. Türkmənlərin mədəniyyət varlığını yox etməyə çalışırlar. Heşdi Şabi türkmənlərdən təlimat almır. Onlar bölgədə yaşayan türkmən millətçilərdən, türkmən idarəçilərdən, türkmən varlığından fərqli hərəkət edir. O üzdən bizim sıxıntılar olur. Heşdi Şabi orada yaxşı işlər gördü, türkmənləri qorudu. Ancaq biz milli güc olmaq istəyirik. O üzdən bəzi qruplar türkmənləri yox  etməyə çalışır”.

 

Millət vəkili Türkiyənin türkmənlərə yardımını yüksək qiymətləndirib: “Türkiyə bizim qonşu dövlətdir. Biz İraqda yaşayırıq. İraq sərhədləri içərisindəyik. Zatən Türkiyə İraqda olan bütün etnik qruplara 20 ildir artıqlaması ilə yardım edir. Ancaq İraqın qanunu var, İraq vətəndaşıyıq. Türk dünyası bizim üçün önəmlidir. Türkiyə önəmlidir, Azərbaycan, Türkmənistan, Qırğızıstan... Bütün Türk dünyasının İraq türkmənlərinə dəstəyinin böyük olması lazımdır. Təlim dəstəyi, siyasi dəstək, iqtisadi dəstək. Bunlar bizim üçün çox önəmlidir”.

 

Aydın Maruf Mosul yaxınlığındakı türk hərbi kontingentinin bölgədən çıxarılmasını məqbul saymır: “Mosulda olan türk əsgəri təlim məqsədi ilə buradadır. Orada olan başqa hərbçilərə təlim keçir. Onlar İraq hökumətinin bilgisi daxilində oraya gəlib. İraq hökuməti istədi ki, türk ordusu orada İŞİD-ə qarşı döyüşən qruplara hərbi təlim keçsinlər. Türk həbrçilər həm mərkəzi hökumət, həm muxtariyyət hökumətinin istəyi ilə oradakı hərbçilərə təlim keçir”.

Müəllif | Apa.Tv
Apa.tv