Türkiyə səfirliyində TBMM sədrinin şərəfinə ziyafət verildi

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmail Kahramanın şərəfinə ziyafət təşkil edilib.

 

APA TV-nin məlumatına görə, tədbirdə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, millət vəkilləri, media təşkilatlarının rəhbərləri və digər qonaqlar iştirak edib.

 

Mərasimdə çıxış edən İsmail Kahraman ötən gün başlayan səfəri müddətində Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov və digər rəsmi şəxslərlə görüşlər keçirdiyini, ikitərəfli əməkdaşlığa dair müzakirələr apardığını bildirib: "İki ölkə investisiya səviyyəsini 15 milyard dollar həddinə çatdırmağı planlaşdırır. Azərbaycanda 2665 türkiyəli iş adamı fəaliyyət göstərir. Onlar burda bir sıra əhəmiyyətli irimiqyaslı layihələr həyata keçirir".

 

Böyük Millət Məclisinin sədri Türkiyədə keçirilən seçkilərdən sonra bütün rəsmi şəxslərin ilk olaraq Azərbaycana səfər etməsinin artıq adətə çevrildiyini əlavə edib. O, Azərbaycanla Türkiyə arasında münasibətlərin strateji əməkdaşlıqdan çox qardaşlıq münasibətləri olduğunu deyərək, bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyini vurğulayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv