AKP İğdır millət vəkili Nurəddin Aras: "Azərbaycan bölgənin parlayan ulduzudur"

"Bakıya növbəti gəlişimdən məmnunam. Bakı doğrudan da çox inkişaf edərək bir dünya şəhərinə çevrilib. Belə inkişaf tempinə malik olan ikinci bir şəhər yəqin ki, dünyada yoxdur. Bura mənim doğma yurdumdur, məhz bu səbəbdən hər səfərimdə özümü daha xoşbəxt hiss edirəm". Bu sözləri APA TV-yə müsahibəsində türkiyəli millət vəkili Nurəddin Aras deyib. O Azərbaycanın gələcəyinə böyük ümidlə baxdığını bildirib:

 

"Mən Azərbaycanın gələcəyinə böyük ümidlə yanaşıram. Azərbaycan bölgənin parlayan ulduzudur. Nümunə dövlətdir. Müstəqil dövlət olaraq seçilmiş dövlətlər arasında yerini alıb. Hər zaman yeni üfüqlərə və yeni həyəcanlara, daha parlaq layihələrə doğru gedəcəyinə əminəm".

 

Əslən Azərbaycan türkü olan Nurəddin Arasın təşəbbüsü və dəstəyi ilə hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar Avropa ölkələrində beynəlxalq konfranslar keçirilir. Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qarşı çıxan Nurəddin Aras İğdırın Azərbaycanla, xüsusilə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası ilə əlaqələrinin genişlənməsində önəmli rol oynayıb. 2006-cı ildə Azərbaycan prezidentinin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı