Binəqədidə ərzaq mağazasını soydular

Oğurluq hadisəsi Binəqədi rayonunun 28 May qəsəbəsi, küçə 5-də qeydə alınıb. Zərərçəkən Pərviz Qarayevin APA TV-yə verdiyi məlumata görə, həmişə olduğu kimi, bu dəfə də gecə mağazanı bağlayıb evinə gedib.

 

Ancaq bu gün səhər saatlarında ərzaq dükanının qapısını aşan Pərviz xoşagəlməz hadisə ilə rastlaşıb. Dərhal Binəqədi Rayon Polis İdarəsinə xəbər verilib: "Axşam saat 12 radələrində dükanı bağlayıb getdik evə. Səhər gəlib gördük ki, kassada olan pul, siqaret və içkilər oğurlanıb. Bir də "E-Manat" aparatında olan pullar".

 

Hadisəni törədən şəxslər əvvəl mağazada olan təhlükəsizlik kameralarının naqillərini tavandan içəri daxil olan zaman kəsiblər. Daha sonra özləri ilə gətirdikləri xüsusi avadanlıqlarla ödəmə aparatı olan "E-Manat"ın qapağını açaraq, hələlik dəqiq məbləği bilinməyən pulları aparıblar. Hadisə yerindən ucu sınmış bıçaq aşkar olunub.

 

Faktı Binəqədi polisi araşdırır.

 

Müəllif | Apa.Tv