Azərbaycan prezidenti Əfqanıstan prezidentini qəbul etdi
Azərbaycanda səfərdə olan Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaninin rəsmi qarşılanma mərasimi olub.
APA TV-nin məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Məhəmməd Əşrəf Qaninin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan prezidenti İlham Əliyev Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qanini qarşılayıb. Əfqanıstan və Azərbaycanın dövlət himnləri səslənib.
Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Məhəmməd Əşrəf Qaniyə, Əfqanıstanın nümayəndə heyətinin üzvləri isə prezident İlham Əliyevə təqdim olunub. Prezidentlər rəsmi foto çəkdiriblər.
Qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani ilə əvvəlcə təkbətək, daha sonra geniş tərkibdə görüşü olub. Görüşdə ikitərəfli münasibətlərin siyasi sahədə uğurla inkişaf etdiyi bildirilib, iqtisadi əlaqələrin inkişafı üçün yaxşı potensialın olduğu vurğulanıb. Ermənistan-Azərbaycan münaqişəsi, həmçinin iqtisadi sahədə, o cümlədən nəqliyyat, infrastruktur, investisiya qoyuluşu, kənd təsərrüfatı, energetika, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra prezidentlər İlham Əliyevin və Məhəmməd Əşrəf Qaninin iştirakı ilə Azərbaycan-Əfqanıstan sənədlərinin imzalanması mərasimi olub.
Daha sonra Azərbaycan prezidenti İlham Əliyevin adından Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaninin şərəfinə rəsmi nahar verilib.