Prezident İlham Əliyev: “Dünyada Azərbaycanla Türkiyə kimi bir-birinə bağlı ölkələr tapmaq çox çətindir”
Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahramanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV-nin məlumatına görə, dövlət başçısı noyabr ayında Türkiyədə keçirilən parlament seçkilərində qazanılan qələbə və Türkiyə Böyük Millət Məclisinin sədri kimi mötəbər vəzifəyə seçilməsi münasibətilə İsmail Kahramanı təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev İsmail Kahramanın ilk xarici səfərini qardaş ölkəyə etməsindən məmnunluğunu bildirib. Bu ayın əvvəlində Türkiyə baş naziri Əhməd Davudoğlunun ölkəmizə səfərini xatırlayan dövlət başçısı bunun gözəl ənənə olduğunu vurğulayaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçiləndən sonra ilk səfərini Azərbaycana, özünün 2013-cü ildə prezident seçiləndən sonra ilk xarici səfərini qardaş ölkəyə etməsini məmnunluqla xatırlayıb və bunu Azərbaycan-Türkiyə birliyinin yaxşı nümunəsi kimi dəyərləndirib.
Prezident İlham Əliyev bir daha qeyd edib ki, dünyada Azərbaycanla Türkiyə kimi bir-birinə bağlı olan ölkələr tapmaq çox çətindir. Dövlət başçısı Azərbaycanın 24 illik müstəqilliyi dövründə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin böyük sınaqlardan çıxdığını vurğulayıb. Azərbaycan-Türkiyə iş birliyinin və dostluğunun regionda mühüm amilə çevrildiyini bildirən dövlət başçısı Türkiyənin G20-yə ev sahibliyi edən bir dövlət kimi Azərbaycanı bu tədbirə dəvət etməsindən məmnunluğunu bildirib və Azərbaycanla Türkiyənin bir-birinə ən yaxın müttəfiq ölkələr olduğunu deyib.
Prezident İlham Əliyev İsmail Kahramanın ölkəmizə səfərinin əməkdaşlığımızın gələcəkdə daha da genişləndirilməsi işində önəmli rol oynayacağına ümidvar olduğunu bildirib.
İsmail Kahraman isə Türkiyə ilə Azərbaycanın qardaş ölkələr olduğunu vurğulayaraq, “bir millət, iki dövlət” fikrinin artıq hər iki xalqın şüurunda möhkəm yer tutduğunu deyib. Azərbaycana əvvəlki səfərlərini xatırlayan İsmail Kahraman ötən dövrdə Bakıda gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib, Azərbaycanın Birinci Avropa Oyunlarını mükəmməl şəkildə təşkil etdiyini vurğulayıb.
Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.