Bakıda restoranda 6 nəfəri güllələyən şəxs tutuldu, atası işdən çıxarıldı
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Zeytə” restoranında 6 nəfəri güllələyən şəxs həbs edilib.
Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində hadisənin əsas iştirakçısı Məhərrəm Əliyev tutulub. Hazırda polis hadisənin digər iştirakçısının tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Bu arada Məhərrəm Əliyevin vəzifəli şəxsin övladı olduğu məlum olub. APA-nın əldə etdiyi məlumata görə, o, Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Fəxrəddin Əliyevin oğludur. F.Əliyev bu gün tutduğu vəzifədən azad edilib. Onun yerinə Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində çalışmış Pərvin Əhmədov təyin edilib.
F.Əliyev APA-ya açıqlamasında oğlu Məhərrəm Əliyevin psixoloji problemlərinin olduğunu deyib: “Hadisə ilə bağlı hazırda Bakı şəhərindəyəm. Hadisənin təfərrüatları barədə heç nə deyə bilmərəm. Hüquq-mühafizə orqanları məsələni araşdırır. Oğlum Bakıda bizneslə məşğul olurdu. Onun psixoloji problemləri var”.
Qeyd edək ki, dekabrın 21-də saat 23.00 radələrində Bakı şəhər sakini Məhərrəm Əliyev və Samir adlı şəxs qəsəbə sakinləri Ədalət Həsənov, oğlu Orxan, Mehrab Əliyev, Cəmil Həmidov, Nazim Kərimov və Rafiq Kərimovla mübahisə etdikdən sonra M.Əliyev “Vinçestr” markalı tüfəngdən atəş açaraq, onlara müxtəlif dərəcəli bədən xəsarəti yetirib hadisə yerini tərk ediblər. Xəsarət alanlar restoranda ad günü məclisində olublar.