Ağstafada vəhşi itlər kəndə hücum etdi: 5 qoyun tələf oldu
Ağstafada sahibsiz vəhşi itlər kəndə hücum edib. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə rayonun Tatlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Arifə Orucova xırdabuynuzlu heyvanları həyətə salıb və məhkəmə prosesində iştirak etmək üçün Ağstafa şəhərinə gedib. Günorta saatlarında kəndə qayıdan qadın qoyunların cəsədlərini görüb. Heyvanlara hücum edən itlər onlardan 5-ni öldürüb, 1-ni isə ağır yaralayıb.
Beş aydan artıqdır tək yaşayan qadın işsiz olduğu üçün heyvan saxlamaq qərarına gəlibmiş. O, heyvanları sahibsiz itlərdən qorumaq üçün hər gün öz nəzarəti altında otarırmış. Bir neçə saatlıq kənddən ayrılması Arifə Orucovaya baha başa gəlib. Dərhal kənd sahə baytarını köməyə çağırsa da, canlılardan yalnız 1-ni xilas etmək mümkün olub.
Sakinlər bildirir ki, sahibsiz itlər kənd ərazisində insanlara da hücum edir. Gecə-gündüz Tatlıda sərbəst gəzən quduz itlər azyaşlı uşaqlar üçün daha çox təhlükəlidir.