DSMF Sabirabadda regional vətəndaş forumu keçirdi

Dövlət Sosial Müdafiə Fondu (DSMF) Sabirabadda regional “Açıq qapı günü” - vətəndaş forumu keçirib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, forumda Sabirabad, Hacıqabul rayonlarından və Şirvan şəhərindən olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıların qatılıb.

 

“Sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılması” mövzusuna həsr olunan tədbirdə iştirakçıların əsasən sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılmasına dair çoxsaylı sualları cavablandırılıb, bu məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb.

 

DSMF-nin şöbə müdiri Famil Qədimovun bildirdiyinə görə, hazırda Fondun mərkəzi məlumat bazasında 1 milyon 294 mindən çox  pensiyaçı, 3 milyon 165 minə yaxın sığortaolunan  barədə müvafiq məlumatlar toplanıb ki, bu da ölkə əhalisinin 45 faizini təşkil edir.

 

Tədbirdə bildirilib ki, sığorta-pensiya sisteminin yeni inkişaf mərhələsində prioritet hədəflər Azərbaycan prezidentinin 4 noyabr 2014-cü il tarixli sərəncamı ilə təsdiqlənən “2014-2020-ci illərdə pensiya təminatı islahatı konsepsiyası”nın çərçivəsində müəyyən olunub. Bu konsepsiya ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olunması məqsədi daşıyır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı