Bakıda məmur oğlu ilə restoranda 6 nəfəri güllələyən şəxs tutuldu
Bakıda restoranda silahlı insident törədən digər şəxs də tutulub. Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Zaqatala rayon sakini Samir Epdiyev tutularaq istintaqa təhvil verilib.
Qeyd edək ki, dekabrın 21-də saat 23.00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Zeytə” restoranında Bakı şəhər sakini Məhərrəm Əliyev və Samir adlı şəxs qəsəbə sakinləri Ədalət Həsənov, oğlu Orxan, Mehrab Əliyev, Cəmil Həmidov, Nazim Kərimov və Rafiq Kərimovla mübahisə etdikdən sonra M.Əliyev “Vinçestr” markalı tüfəngdən atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarəti yetirib hadisə yerini tərk ediblər.
Həyata keçirilən tədbirlər nəticəsində hadisənin əsas iştirakçısı Məhərrəm Əliyev tutulub. O, Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Fəxrəddin Əliyevin oğludur. F.Əliyev məlum hadisə ilə bağlı tutduğu vəzifədən azad edilib.