Nardaran hadisələrinə görə daha bir nəfər tutuldu
Nardaranda baş verən silahlı insidentlə bağlı daha bir nəfər tutulub.
APA-nın xəbərinə görə, Cəbrayıl rayon sakini Nahid Nəsib oğlu Bəhramov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, hazırda Bakı İstintaq təcridxanasında saxlanılır.
Məlumata görə, N.Bəhramov Taleh Bağırovun tərəfdaşlarından olub. Hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində onun Taleh Bağırovla bir neçə dəfə telefon əlaqəsi yaratdığı ortaya çıxıb. Lakin N.Bəhramov Nardaranda baş vermiş hadisələr zamanı orada olmayıb. Bundan əlavə, N.Bəhramov 2012-ci ildə Bakıda Təhsil Nazirliyinin binası qarşısında keçirilən “Hicaba azadlıq!” aksiyasında da iştirak edib və həmin vaxt həbs edilənlər sırasında olub.
O, Cinayət Məcəlləsinin 214.2.1-ci (Terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və digər maddələrinə əsasən təqsirləndirilir.