Azərbaycan prezidenti: "Manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz idi"
“Ölkəmiz inkişaf edir. Lakin neftin qiymətinin düşməsi Azərbaycanı gəlirlərinin, büdcə xərclərinin azalmasına, milli valyutanın məzənnəsinə də təsir edib”.
APA TV-nin məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində 2015-ci ilin yekunları, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimində çıxışında deyib.
Dövlət başçısı bildirib ki, neft gəlirlərimizin aşağı düşməsi milli valyutamıza da mənfi təsir edib: “Manatın məzənnəsinin dəyişdirilməsinin əsas səbəbi neftin qiymətinin 3 dəfə düşməsidir. Yəni manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz idi. Biz il ərzində çalışırdıq ki, maksimum dərəcədə bunun qarşısını alaq. Gözləyirik ki, neftin qiyməti sabitləşsin. Neftin qiyməti 50 dollar səviyyəsində sabitləşəndə biz bir qədər rahatlandıq ki, devalvasiyaya ehtiyac qalmayacaq”.
Prezident İlham Əliyev bildirib ki, hazırda neftin qiyməti 36 dollara düşüb: “ABŞ-da dollarla bağlı qəbul edilmiş son qərar da neftin qiymətinin düşməsinə xidmət edir. Burada digər geosiyasi amillər də var. Mən şəxsən hesab edirəm ki, neftin qiymətinin kəskin şəkildə düşməsinin iqtisadi əsasları yoxdur. Düzdür, dünya iqtisadiyyatı bir qədər tənəzzülə uğrayıb, templər bir qədər aşağı düşüb. Amma bu dərəcədə yox ki, neftin qiyməti il ərzində birdən birə 3 dəfə düşsün. Mən şəxsən hesab edirəm ki, bu, düşünülmüş siyasətdir, bu siyasətin də məqsədi heç kim üçün sirr deyil. Sadəcə, Azərbaycan bu vəziyyətdən əziyyət çəkir”.
Dövlət başçısı qeyd edib ki, manatın məzənnəsi ilə bağlı qaçılmaz qərarın fəsadlarını azaltmaq, minimum səviyyəyə endirmək üçün bütün tədbirlər görüləcək: “Hökumətin qarşısında makroiqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın minimal səviyyədə olması, ölkədə istehsal olunan ərzaq və tikinti materiallarının, yanacağın qiymətinin sabit saxlanılması ilə bağlı vəzifələr qoyulub”.
Prezident bildirib ki, süni bahalaşmaya yol verənlərə, möhtəkirliklə məşğul olanlara qarşı cəza tədbirləri görüləcək: “Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, lisenziyalarla bağlı ciddi qərarlar qəbul olunub. İqtisadi-maliyyə sektorunda daha ciddi islahatlar aparılacaq. İqtisadi liberallaşma, inhisarçılığa qarşı mübarizə sahəsində tədbirlər görüləcək. Gömrük və vergi sistemində maksimum şəffaflıq təmin ediləcək”.