Cahangir Zeynalov barelyefi önündə anıldı
Azərbaycan professional teatrının banilərindən biri, görkəmli aktyor, teatr xadimi və pedaqoq Cahangir Zeynalovun 150 illik yubileyi münasibətilə aktyorun barelyefi qarşısında xatirə tədbiri keçirilib.
APA TV-nin xəbərinə görə, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, teatr rəhbərləri, aktyorlar iştirak edib.
Mərasimdə çıxış edən xalq artisti Hacı İsmayılov Cahangir Zeynalovun Azərbaycan teatr məktəbinin formalaşmasında və inkişafında göstərdiyi xidmətlərdən danışıb. Bildirib ki, 1885-ci ildən rollar oynamağa başlayan Cahangir Zeynalov realist aktyor məktəbinin banilərindən biri olub və təntənəli yubileyi qeyd edilən ilk Azərbaycan aktyorudur.
Xalq artisti İlham Namiq Kamal deyib ki, Cahangir Zeynalov Azərbaycanın ilk aktyoru, ilk rejissoru, teatrı sevən və teatra öz tərbiyəsini gətirən aktual insanlardan biri kimi yaddaşlarda qalıb: "Təsəvvür edin - bir insan ki, öz evində teatr səhnəsi yarada, səhnə yarada və orada öz Mirzağa Əliyev kimi, Hacıağa Abbasov kimi, Hüseyn Ərəblinski kimi sənətkarları bir yerə yığıb məşq eləyə, sonra tamaşa göstərə. Siz təsəvvür edin - məşqdən sonra öz hesabına onlara yemək, çay dəsgahı təşkil edib ki, bu insanlar bir az dincəlib yenidən məşq etsinlər".
Əməkdar incəsənət xadimi Cahangir Novruzov babasının xatirəsinə göstərilən hörmət və qayğıya görə təşəkkür edib. Söyləyib ki, sənəti və sənətkarı unutmayan bir dövlətin hər zaman mədəniyyəti yaşayacaq: "Bir sənət şəcərəsinin 3-cü nümayəndəsi olaraq mən bu gün çox həyəcanlıyam, çünki 3-cü olmaq ağırdır. İlk ikinin elədiyi, həyatda yaratdığı şeylərin kölgəsində qalmamaq üçün özünün böyüyüb kölgə salmağı gərəkir. Bilmirəm buna qadir oldum, ya yox, amma bir şeyi deyə bilərəm - mən qədirbilən xalqımıza və qədirbilən dövlətimizə təşəkkür edirəm. Sənəti və sənətkarı unutmayan bir dövlətin hər zaman mədəniyyəti yaşayacaq. Çünki əgər mədəniyyət yoxsa, sənətkara dəyər yoxsa, o ölkənin mənası yoxdur".
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Cahangir Zeynalovun 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.