Bakıda bir neçə avtobus toqquşdu

Bakının Səbail rayonu ərazisində, “20-ci sahə” yaşayış massivində yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Əhəd Yaqubov küçəsindəki dairədə qeydə alınıb.

 

Həmin vaxt dairədə “BakuBus” MMC-yə məxsus 5 və 6 saylı xətt marşrutları üzrə hərəkət edən “İveco” markalı bir neçə sərnişin avtobusu dayanıbmış. 88 saylı xətt marşrutu üzrə hərəkət edən “Karataş” markalı sərnişin avtobusu da bir qədər sonra digər avtobusların yanında dayanıb. Bu vaxt 5 saylı xətt marşrutu üzrə hərəkət edən “İveco” markalı daha bir avtobus dairədə manevr edərək, dayanacaqdakı avtobuslara yaxınlaşmaq istəyib. Lakin sürücünün diqqətsizliyindən o, zərblə “Karataş” markalı avtobusa çırpılıb. Həmin avtobus isə yanındakı və qarşısındakı avtobuslara dəyib.

 

Hadisə baş verən zaman avtobuslarda sərnişin olmadığı üçün qəza xəsarətsiz ötüşüb.

 

Daha çox ziyan isə “Karataş” markalı sərnişin avtobusuna dəyib: “Dayanacaqda dayanmışdım. Növbəmi gözləyirdim. Başım qarışmışdı. Bir də gördüm ki, nəsə gəldi dəydi”.

 

Əraziyə polis əməkdaşları cəlb olunub və sürücülərin ifadələri alınıb. İlkin ehtimala görə, qəzaya “İveco” markalı avtobusun sürücüsünün avtomatik transmissiyalı sürət qutusundan istifadə zamanı çaşqınlığı səbəb olub.

Müəllif | Apa.Tv
Apa.tv