Gürcüstanın baş naziri istefa verdi

Gürcüstanın baş naziri İrakli Qaribaşvili tutduğu vəzifədən gedir. APA TV-nin məlumatına görə, bu barədə o, ölkə əhalisinə televiziya ilə müraciətində deyib.

 

Hakim “Gürcü Arzusu” koalisiyasının fraksiya rəhbəri Giya Volski bildirib ki, baş nazir İrakli Qaribaşvilinin istefası və kabinetdəki dəyişikliklər müsbət nəticələr verəcək. Onun sözlərinə görə, İrakli Qaribaşvilinin bilik və təcrübəsindən partiyanın fəaliyyətində istifadə olunacaq.

 

Gürcüstan mətbuatının məlumatına görə, İrakli Qaribaşvili “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının seçki qərargahına və “Gürcü Arzusu” koalisiyasının seçki siyahısına başçılıq edəcək.

 

Baş nazir vəzifəsinə hazırda baş nazirin müavini və xarici işlər naziri postlarını tutan Georgi Kvirikaşvilinin gətiriləcəyi gözlənilir. Gürcüstan hökumətində başqa dəyişikliklər də mümkündür. Kabinetdə təmsilçilik üçün bir neçə namizəd var.

 

Qeyd edək ki, 33 yaşlı İrakli Qaribaşvili 2013-cü il noyabrın 20-dən Gürcüstanın baş naziri idi.

Müəllif | Apa.Tv
Apa.tv