Bakıda ticarətçinin boğazını kəsən şəxs tutuldu - TƏFƏRRÜAT

Bakıda ticarətçinin boğazını kəsən şəxs həbs edilib. APA TV-nin məlumatına görə, Nizami Rayon Polis İdarəsinin əməkdaşları dekabrın 21-də axşam saatlarında Keşlə qəsəbəsində törədilmiş amansız cinayətin üstünü açıblar.

 

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, 1994-cü il təvəllüdlü Paşa İsmayıl oğlu Qələndərov saxlanılıb.

 

Hüquq-mühafizə orqanlarından APA TV-yə verilən məlumata görə, Paşa Qələndərov “28 Mall” ticarət mərkəzində ticarətlə məşğul olan Gəncə sakini, 37 yaşlı Vüsal Ələkbər oğlu Xəlilovun yanında satıcı işləyib. Amma sonra Vüsal Xəlilov Paşa Qələndərovu işdən çıxarıb. O isə keçmiş müdirindən qisas almaq qərarına gəlib.

 

Dekabrın 21-də axşam saatlarında Paşa Qələndərov Vüsal Xəlilovun Keşlə qəsəbəsinin Sabir küçəsində kirayədə yaşadığı evə gəlib. Həmin vaxt Vüsalın ailəsi də evdə olub. Paşa Qələndərov həyat yoldaşının və azyaşlı övladının yanında Vüsal Xəlilova bıçaqla hücum edib. O, keçmiş müdirini bıçaqlayıb, sonra isə boğazını kəsib.

 

Vüsal Xəlilovun atası Ələkbər Xəlilov Gəncə Texnologiya Universitetində, anası isə Gəncədəki 44 saylı orta məktəbdə müəllimdir. Vüsalın özü ailəsi ilə Bakıya köçüb və “28 Mall” ticarət mərkəzində paltar ticarəti ilə məşğul olmağa başlayıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv