Borclu borc sahibinin evini yandırmaq istədi
Abşeron rayonunda evə hücum edən şəxslər mənzili yandıraraq qaçmaq istəyiblər. APA TV-nin məlumatına görə, hadisə Saray qəsəbəsinin Adil Mənsimov küçəsində, Şiruyə Azadəliyevaya məxsus mənzildə baş verib.
Gecə saatlarında həyətdəki itin səsinə oyanan ev sahibləri nə baş verdiyini öyrənmək üçün həyətə çıxıblar.
Azərbaycan Dövlət Pedaqoji Universitetində işləyən ev sahibi deyir ki, həyətdən partlayış səsinə bənzər səs gəlib, sonra isə yanğın başlayıb: “Qapı açılmadı. Qapını içəridən bağlayırıq. İstidən qapı açılmırdı. Açanda dəhşətə gəldik. Alov üzümüzə vurdu. Yanmamaq üçün başımızı bağladıq, çıxdıq həyətə. Yoldaşım su şlanqını götürdü, mən də qablardakı bulaq sularını götürdüm. Suyu tökürdük ki, alov irəliləməsin. Mən gördüm ki, maşın və dam yanır”.
Yanğını söndürəndən sonra ev sahibi Daxili İşlər Nazirliyinin 102 xidməti ilə əlaqə saxlayıb. Hadisə yerinə gələn Abşeron Rayon Polis İdarəsinin əməkdaşları müvafiq ekspertizalar təyin ediblər.
Evə hasarı aşaraq daxil olan şəxslər avtomobili alışdırdırqan sonra qapıdan çıxaraq qaçıblar. Zərərçəkmişin şübhələndiyi şəxs də var. Belə ki, sözugedən həyətdə bir müddət kirayədə qalan həmin şəxsin ailəyə borcu olub. O, pulu ödəməkdən boyun qaçırıb: “Pasportunu qoymuşdu ki, bir aya pulu gətirəcək. Bir ay, iki ay, üç ay, beş ay keçdi, gətirmədi. Mən də getdim sahə müvəkkilinin yanına, ərizə yazdım. O da bir günün içində o adamı tapdı. Gəldilər, söz verdilər ki, pulu qaytaracaqlar. Amma hələ heç nə... Mən onlardan şübhələnirəm. Mənim başqa düşmənim yoxdur”.
Hadisəni törədən şəxslər qonşu evin qapısındakı kameranın obyektivini də ağ kağızla bağlayıblar ki, hadisənin kim tərəfindən törədildiyi məlum olmasın.
Zərərçəkən isə həmin şəxslərin saxlanılmasını və ona dəymiş ziyanın ödənməsini istəyir.
Polis yanğının qəsdən, yaxud hər hansı başqa səbəbdən baş verməsi ətrafında araşdırmalarını davam etdirir.