Ermənistanda həbsdə olan azərbaycanlı azadlığa buraxıldı

Gürcüstan-Ermənistan sərhədini qanunsuz keçməkdə təqsirli bilinən Gürcüstan vətəndaşı Turqay Mikayılov azadlığa buraxılıb.

 

APA-nın “news.am”a istinadən xəbərinə görə, dekabrın 23-də Lori rayon Məhkəməsi onu təqsirli hesab edərək, barəsində 5 ay azadlıqdan məhrumetmə hökmü çıxarılıb. T.Mikayılov iyulun 23-də həbs olunduğu və 5 ay həbsdə qaldığı üçün məhkəmə zalından azadlığa buraxılıb.

 

Bu gün saat 04.00 radələrində isə T. Mikayılov Sadaxlı gömrük məntəqəsində Gürcüstan tərəfinə təhvil verilib. Qohumu Məhəmməd Bayramov bildirib ki, Turqay Mikayılov artıq evindədir: “Ermənistan və Gürcüstan gömrük məntəqələrində sərhəddən keçmə proseduru bir az gecikdi və Turqayın sənədləri ətraflı yoxlandıqdan sonra Faxralıya gəldik. Səhhəti normaldır, bu gün kənd sakinləri, sabah isə rəsmi şəxslər onunla görüşəcəklər".

 

Qeyd edək ki, Gürcüstanın Bolnisi rayonunun Faxralı kənd sakini Turqay Mikayılov dekabrın 23-də Ermənistanda həbsdən azad edilib. O, iyulun 23-də yolu azaraq, Ermənistan tərəfə keçib. Hadisə Dmanisinin Yırğançay kəndinin yaxınlığında, Faxralı sakinlərinə məxsus yaylaqda baş verib. Turqay həmin ərazidə çobanlıq edib və siqaret almaq üçün dağdan enərkən,  yolu azaraq Ermənistanın Lori vilayətinin Cücə kəndinə gedib. Kənd sakinləri onu saxlayaraq, Ermənistan sərhədçilərinə təhvil veriblər. Turqay Mikayılov həmin vaxt içkili vəziyyətdə olduğunu bildirib. 34 yaşlı azərbaycanlıya Cinayət Məcəlləsinin sərhədləri qanunsuz keçmə maddəsi ilə cinayət işi açılıb.

Müəllif | Apa.Tv
Apa.tv