Dəmirtaş Moskvada: "Türkiyə Rusiya təyyarəsini vurmamalı idi"

Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Türkiyənin Xalqların Demokratiya Partiyasının həmsədri Səlahəddin Dəmirtaş bir araya gəliblər.

 

APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, görüşdə bölgədə terrorçuluğa qarşı mübarizə məsələləri müzakirə olunub.

 

Lavrov ölkəsinin bu istiqamətdə istənilən köməyi göstərməyə hazır olduğunu bildirib: "Biz Suriya və İraq kürdlərinin İŞİD-ə və digər qanunsuz silahlı birləşmələrə qarşı əzmlə mübarizə apardıqlarını bilirik. Qarşıdakı fəaliyyətimizdə bu istiqamətdə səyləri birləşdirəcəyik və bu yöndə kürdlərin maraqları diqqətdə saxlanılacaq".

 

Sergey Lavrov görüşdə həmçinin Türkiyənin Rusiyaya məxsus təyyarənin vurulması məsələsinə də toxunub. Dəmirtaş isə öz növbəsində bunu yanlış addım adlandırıb. "Biz öz mövqeyimizi bildirmişik. Partiya olaraq bu addımı dəfələrlə tənqid etmişik", - deyə o bildirib.

Xatırladaq ki, Dəmirtaşın həmsədri olduğu partiya PKK-nın siyasi qanadıdır və Türkiyənin cənub-şərqində baş verən terror hadisələrinin dəstəkçisidir. Son günlər isə həmin bölgədə Türkiyə hökuməti tərəfindən PKK-ya qarşı əməliyyatlar genişləndirilib.

Müəllif | Apa.Tv
Apa.tv