"O səs Gürcüstan" yarışmasına qatılan məhkum əfv edildi
Gürcüstan tarixində sensasion hadisə baş verib. APA TV-nin Gürcüstan mətbuatına istinadən xəbərinə görə, "İmedi" telekanalında yayımlanan "O səs Gürcüstan" yarışmasına qatılan məhkum Teona Kolbaya dekabrın 22-də əfv olunub.
26 yaşlı Kolbaya quldurluqda təqsirli bilinərək azadlıqdan məhrum olunub. O, müsabiqəyə xüsusi icazə ilə qatılıb və səhnəyə qadın polislərin nəzarəti altında çıxıb. Lakin münsiflərin və izləyicilərin xüsusi rəğbətini qazana bilib.
Teona yarımfinalda mahnısını ifa etdikdən sonra səhnəyə cəzaçəkmə və probasiya naziri Kaxa Kaxişvili çıxaraq onun əfv olunduğunu bildirib: "Dünən Əfv Komissiyasının toplantısı oldu və orda qərara aldıq ki, Teona bu gündən azadlığa çıxsın".
Nazir məhkuma əfv olunması haqda sənədi verərək, əşyalarını götürmək üçün həbsxanaya gedə biləcəyini söyləyib. Bundan sonra salondakılar qərarı alqışlamağa başlayıblar, telelayihənin aparıcısı və yarışmacılar isə göz yaşlarına hakim ola bilməyiblər.
Teona isə "Hər kəsə çox təşəkkür edirəm. Çalışacağam ki, həyatıma ağ vərəqdən başlayım və bu şansdan istifadə edim" deyib.