Pentaqon polkovniki: "İŞİD-in snayperləri planlarımızı pozur"
İraq ordusundan iki gün əvvəl Rəmadi istiqamətində başladılan əməliyyatın 3 gün sonra başa çatacağı açıqlanıb.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, ordu generallarından biri şəhərin terrorçulardan yaxın müddət ərzində təmizlənəcəyini bildirib.
Keçirilən əməliyyatda İraq ordusuna koalisiya qüvvələri havadan dəstək verirlər. Öz növbəsində ölkədəki Pentaqon polkovniki Stiv Uorren isə bildirib ki, İŞİD-in tamamilə məhv edilməsinə hələ çox var.
O qeyd edib ki, indiki uğurlu əməliyyatlar da qələbə demək deyil. "İraq ordusu Fərat çayının şəhər istiqamətindəki sahilində möhkəmlənib və Rəmadinin mərkəzinə qədər irəliləməyə müvəffəq olub. Amma qanlı döyüşlər davam edir. Xüsusilə qarşı tərəfin snayperləri çox fəaldırlar. Ən təhlükəliləri isə kamikadzelərdir. Bundan əlavə onlar tərk etdikləri əraziləri başdan-başa minalayırlar. Buna görə də şəhərin tam azad olunacağının vaxtını demək çətindir", - deyə polkovnik bildirib.
Onun sözlərinə görə, şəhərin mərkəzində ordu ilə döyüşən terrorçuların sayı təxminən 300 nəfərdir. Onlar 3 minə qədər dinc sakini girov saxlayıblar.
Xatırladaq ki, Rəmadi Bağdadın 100 kilometrliyində yerləşir və ölkənin sünnilər yaşayan ən böyük şəhərlərindəndir.