Əflatun Amaşov: "Jurnalistə mane olan vəzifəli şəxs 1 il azadlıqdan məhrum oluna bilər"
"Jurnalistlər informasiya əldə edərkən onlara heç bir maneə olmamalıdır”. APA TV-nin məlumatına görə, bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov İnzibati Xətalar Məcəllədə jurnalistlərin sorğusu ilə bağlı məsələni şərh edərkən deyib.
“Kütləvi informasiya vasitələri haqqında” qanunda jurnalist fəaliyyətinə maneə ilə bağlı xüsusi maddə var. O maddədə göstərilir ki, jurnalistlər senzuraya məruz qala bilməzlər və jurnalist fəaliyyətinə maneə oluna bilməz” - deyə o qeyd edib.
Cinayət Məcəlləsində də bu məsələlərə rast gəldiyini deyən Ə.Amaşov qeyd edib ki, əgər jurnalistin peşə fəaliyyətini yerinə yetirməsinə maneələr olursa, maneə törədən tərəf cərimə oluna və inzibati cəzalara məruz qala bilər: “Əgər doğrudan da qarşı tərəf vəzifəli şəxsdirsə və jurnalistin peşə fəaliyyətinə maneçilik törədirsə, o, cərimə ilə yanaşı, 1 il azadlıqdan da məhrum oluna bilər. Cərimələrlə bağlı dediyiniz məsələyə gəlincə, o, bundan əvvəlki qanunvericilikdə var idi. Ancaq indi gördüyünüz kimi, həmin cərimələrin həcmi artırıldı. Jurnalistin sorğularının hansı müddətdə cavablandırılması məsələsi isə "İnformasiya əldə etmək haqqında" qanunda da öz əksini tapıb. Əgər qanunvericilikdə göstərilən müddəalar pozularsa, qarşı tərəf cəzalana bilər. Sorğuya cavab verilməyəndə, jurnalistlər də fəal olmalı, hansı addımı atmaq lazım olduğunu bilməlidirlər. Bütün bunlar Azərbaycan qanunvericiliyində birmənalı qaydada öz əksini tapır".