QMİ-də Peyğəmbərin mövludu və prezidentin doğum günü qeyd edildi

Qafqaz Müsəlmanları İdarəsində Məhəmməd peyğəmbərin mövludu, eləcə də prezident İlham Əliyevin doğum günü münasibətilə mərasim keçirilib.

 

APA TV-nin məlumatına görə, tədbir Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb.

 

Tədbiri QMİ sədri Hacı Allahşükür Paşazadə açaraq, bu tarixin bütün dünya müsəlmanları üçün müqəddəs gün olduğunu qeyd edib. O, vaxtilə sovet rejimi tərəfindən Azərbaycan xalqına dini baxımdan önəmli tarixlərin qeyd olunmasında əsassız əngəllər yaradıldığını bildirərək, Heydər Əliyevin hakimiyyətə qayıdışının respublikada bir çox sahələrdə olduğu kimi, din sahəsində də dönüş nöqtəsi olmasından bəhs edib. Şeyxülislam həm mərhum prezident Heydər Əliyev, həm də hazırkı dövlət başçısı İlham Əliyev ilə birlikdə Həcc və Ümrə ziyarətlərində olduğunu xatırladıb. O, paytaxtın Binəqədi rayonunda tikilərək, 2014-cü ilin dekabr ayında dindarların istifadəsinə verilmiş Heydər məscidinin prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə inşa edildiyini diqqətə çatdırıb. Hacı Allahşükür Paşazadə xalqımızı bu iki önəmli tarix münasibətilə təbrik edərək, hər kəsə firavanlıq və xoş günlər arzulayıb.

 

Çıxış edənlər Azərbaycanın dini tolerantlıq baxımından stabil ölkə olduğunu xüsusi vurğulayaraq, burada dini, irqi və milli ayrı-seçkilik olmadan hər kəsin mehriban şəraitdə yaşamasının önəmindən bəhs ediblər.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov