"Jurnalistlər binası"ndakı mənzillərin sahiblərinə çıxarışlar təqdim olundu
Bakıda mətbuat işçiləri üçün inşa edilmiş mənzil sahibi olan 100-dən çox jurnalistə dövlət reyestrindən çıxarışlar təqdim olunub.
APA TV-nin xəbərinə görə, Əmlak Məsələləri Dövlət Komitəsi jurnalistlərin mülkiyyət hüquqlarının səmərəli təmin olunması məqsədilə “Kütləvi çıxarış” kampaniyasını məhz jurnalistlər binasında təşkil edib.
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid: "Aradan bir müddət keçdikdən sonra KİVDF bu evlərin özəlləşdirilməsi təşəbbüsünü irəli sürdü. Artıq mülkiyyət vərəqləri hazırdır. Bu gün bütün jurnalistlər sahib olduqları evə həmin mülkiyyət orderini alırlar".
Jurnalist Rəşad Süleymanov: "Artıq iki il öncə mənzillərimizin açarları bizə təqdim olundu və iki il sonra bu gün evlərimizin çıxarışları, rəsmən adımıza keçirilməsini təsdiqləyən sənədlər bizə təqdim olunur. Buna görə biz bu işdə əziyyəti olan hər bir kəsə öz minnətdarlığımızı bildirirəm".
Tədbirdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli iştirak edib.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev bildirib ki, Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə media sahəsinin inkişafına, jurnalistlərin mülkiyyət hüquqlarının daha səmərəli təmin olunmasına öz dəstəyini göstərir. Bu gün məhz jurnalistlər binasının həyətində onlara kütləvi şəkildə çıxarışların verilməsi də bu dəstəyin bir nümunəsidir: "Hal-hazırda 100-dən artıq vətəndaşımıza, hörmətli jurnalistlərimizə bu sənədlər mülkiyyət hüquqlarını təsdiq edən dövlət reyestrindən çıxarışlar təqdim olunacaq. Biz bu məsələdən qürur duyuruq. Bu gün biz jurnalistlərimizin həyətində, bilavasitə onların ünvanlarında onların xidmətindəyik. Bu münasibətlə hər birinizi təbrik edirəm".
KİVDF-nin rəhbəri Vüqar Səfərli: "Jurnalistlər üçün gözəl bir gündür. 2013-cü ildə jurnalistlərə verilən evlərin sənədləşməsi son sənədlərin təqdim etməyə bura yığışmışıq. Notarial qaydada sənədlərin hər biri tamamlandıqdan sonra jurnalistlərin evlərinin çıxarışı verilir".
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov: "Jurnalistlər öz evləri ilə bağlı sənədlə təmin olunurlar. Ancaq bu ideya birdən-birə meydana gəlməyib. Uzun müddət axtarışlar aparıldı. Çox sayda mənzilsiz, evi olmayan jurnalistləri mənzillə necə təmin etmək olar. Biz Azərbaycan prezidentinə müraciət etdik ki, Azərbaycanda çoxsaylı jurnalistlərin evləri yoxdur, onlar yataqxanada, kirayədə qalırlar".