YAP “Yeni hədəflər naminə” adlı konfrans keçirdi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə 2015-ci ilin yekunlarına həsr edilmiş “Yeni hədəflər naminə” adlı konfrans keçirilib.

 

APA TV-nin məlumatına görə, baş nazirin müavini, YAP icra katibi, sədr müavini Əli Əhmədov Azərbaycanda 2015-ci ildə görülən işlərdən, 2016-cı ildə qarşıda duran vəzifələrdən danışıb.

 

Azərbaycan prezidenti İlham Əliyevi ad günü münasibəti ilə elm xadimləri adından təbrik edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, YAP sədrinin müavini Akif Əlizadə Azərbaycanın uğurlu inkişaf yolu keçdiyini bildirib. Akif Əlizadə eyni zamanda bu gün dünyada baş verənlərlə əlaqədar gələcəklə bağlı nikbin proqnoz verməyin mümkün olmadığını söyləyib: “Hər bir dövlət kimi, Azərbaycan da öz daxili resurslarını hərəkətə gətirməlidir. Azərbaycanda dövlət başçısının rəhbərliyi ilə bu istiqamətdə addım atılır. Alovlanan dünyanın və regionun fonunda Azərbaycan sabitlik adasına çevrilib. Dövlət başçısı elmin inkişafı ilə bağlı mühüm addımlar atıb, strategiya və proqramlar qəbul edilib”.

 

Akif Əlizadə qeyd edib ki, elm və təhsilin inteqrasiyası, elektron elmin formalaşması sahəsində də ciddi uğurlar əldə edilib: “Dövlət başçısı Azərbaycan elminin yeni inkişaf modelinə öz töhfəsini verməli olduğunu vurğulayıb. İlk növbədə demoqrafik durum araşdırılmalıdır. İkincisi, mövcud şərait nəzərə alınaraq, kənd təsərrüfatının inkişafı alimlər qarşısında vəzifə kimi qoyulub. Üçüncüsü, kimya sənayesinin inkişafı alimlər qarşısında əsas vəzifələrdən biridir. Elm və istehsalat münasibətlərinin uğurlu inkişafına nail olmalıyıq”.

 

Kənd təsərrüfatı naziri Heydər Əsədov isə Heydər Əliyev və prezident İlham Əliyevin rəhbərliyi altında kənd təsərrüfatında əldə edilən uğurlardan söz açıb.

 

Bununla da tədbirin rəsmi hissəsi başa çatıb.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı