Prezident gözdən əlillər üçün yeni yaşayış binasının açılışında iştirak edib
Dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə paytaxtın Nərimanov rayonunda gözdən əlillər üçün inşa olunan yaşayış binası istifadəyə verilib.
APA TV-nin xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat veriv.
Bildirilib ki, binanın tikintisinə 2011-ci ilin dekabrında başlanılıb və artıq bina istismara hazırdır. Binada gözdən əlillər üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılıb. Onların əl və ayaqla hiss etmələrinin asanlaşdırılması üçün müvafiq yerlərdə xüsusi tikinti materiallarından və işarələrdən istifadə olunub.
Dövlət başçısı yeni binanın sakinləri ilə görüşüb və mənzillərin orderlərini onlara təqdim edib. Sonra xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mənzillərdə yaradılan şəraitlə tanış oldular.
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Nərimanov rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi və 8 saylı tibbi sosial ekspert komissiyasının yeni inzibati binasının açılışında iştirak ediblər.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib. Qeyd olunub ki, Respublika Gözdən Əlillər Cəmiyyəti də bu binada fəaliyyət göstərəcək. Zirzəmi hissəsi Cəmiyyətin istehsalat sahəsi üçün nəzərdə tutulub. Binanın aşağı mərtəbələrində isə gözdən əlillərin asudə vaxtlarda mənalı istirahəti, habelə onlarla bağlı ictimai-mədəni tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılıb, ətrafda abadlıq işləri aparılıb.