Cəlilabadda yanacaqdoldurma məntəqəsinə silahlı basqın oldu
Cəlilabadda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə rayonun Alar kəndində qeydə alınıb.
Dörd nəfər maskalı şəxs kəndin ərazisində yerləşən “Alpetrol” yanacaqdoldurma məntəqəsinə daxil olaraq operatorlardan pul tələb ediblər. Lakin kassanın boş olduğunu görən maskalılar odlu silahla yanacaqdoldurma məntəqəsinə atəş açıblar. Məntəqənin işçilərindən xəsarət alan olmasa da, obyektin şüşələri qırılıb.
Məlumata görə, son vaxtlar gecə saatlarında sözügedən yanacaqdoldurma məntəqəsi naməlum şəxslər tərəfindən tez-tez daşa basılır.
Hadisə barədə Cəlilabad Rayon Polis Şöbəsinə də məlumat verilib. Faktla bağlı araşdırma aparılır.