Maştağada yolu keçmək istəyən piyadanı maşın vurdu
Ötən gecə Bakıda piyadanın ölümü ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən piyada Maarif İsayevi maşın vurub. Piyadanı xəstəxanaya sürücü Əliyusif Xəlilov gətirib. Yaralı xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.
Əliyusif Xəlilovun idarə etdiyi "VAZ-2104" markalı avtomobildə əziklər olub. Sürücü polis əməkdaşlarına bildirib ki, Maştağa istiqamətində hərəkətdə olarkən onu ötüb keçən digər avtomobil yolu keçən piyadanı vurub. Zərbənin təsirindən piyada onun avtomobilinin üstünə düşüb.
Polis əməkdaşları Əliyusif Xəlilovun avtomobilinə baxış keçiriblər. Əliyusif Xəlilovun ifadəsinin düzgünlüyü ərazidə olan nəzarət kamerasına keçiriləcək baxışdan sonra məlum olacaq.
Faktla əlaqədar Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb. Araşdırma aparılır.