"Exit-poll" keçirəcək şirkətin son sorğusu: Respondentlərin 86 faizi İlham Əliyevin namizədliyini dəstəkləyir

APA Holding”in dəvəti ilə prezident seçkilərində “exit-poll” keçirəcək ABŞ-ın “Arthur J. Finkelstein and Associates” (AJF) şirkəti seçkilər öncəsi keçirdiyi sosioloji sorğunun nəticələrini açıqlayıb. Nəticələrə əsasən, seçkilərə 2 həftə qalmış Azərbaycan seçicilərinin 86 faizi hazırkı prezident İlham Əliyevin namizədliyini dəstəkləyir.  Şirkətinin icraçı direktoru Corc Birnbaumun sözlərinə görə, seçkidə mütəmadi iştirak edən respondentlər arasında İlham Əliyevin namizədliyini dəstəkləyənlər 90.5 faiz təşkil edir: “Biz bu məlumatın dəqiqliyinə əminik. Prezidentin reytinqi təkcə sürətlə artan Azərbaycan iqtisadiyyatı ilə deyil, həm də onun güclü liderliyi ilə əlaqədardır. Keyfiyyətli və geniş araşdırma göstərir ki, Azərbaycanın təhlükəsizliyi və daxili məsələlər seçicilər arasında əsas prioritet təşkil edən məsələlərdir, bu da İlham Əliyevə dəstəkdə özünü göstərir. Seçicilər hesab edir ki, o, ölkəni irəli aparır və onu qorumağa davam edəcək".

 

Respondentlərin 87 faizi hesab edir ki, İlham Əliyev ölkəni terror təhlükəsindən qoruyub, 82 faizi isə düşünür ki, prezident Azərbaycanı erməni təcavüzündən qoruyub.

 

Sorğunun nəticələrinə əsasən, müxalifət namizədlərinin reytinqləri çox aşağıdır. Milli Şuranın vahid namizədi olan Cəmil Həsənlini seçicilərin yalnız 10,5 faizi dəstəkləyir: "Seçicilərin prezidentin fəaliyyətini necə qiymətləndirilməsi, ona şəxsi səviyyədə qətiyyətli dəstəyin göstərilməsi və müxalifətin xalqı həyəcanlandıracaq bir namizəd irəli sürməməsi arasında qarşılıqlı əlaqə var".

 

Qeyd edək ki, sosioloji sorğu avqustun sonu, sentyabrın əvvəllərində yerli araşdırma şirkəti olan Tərəqqi İnstitutu ilə birgə keçirilib. Sorğuda 1000-ə yaxın respondent iştirak edib.

Müəllif | Apa.Tv