Ərəb Dövlətləri Liqasından Ankaraya sərt tələb: "Qoşunlarınızı İraqdan çıxarın"

Dekabrın 24-də Ərəb Dövlətləri Liqasının Qahirədə keçirilən növbədənkənar toplantısında təşkilat İraq ərazisinə qoşun yeritdiyi üçün rəsmi Ankaranı ittiham edib. APA TV-nin "Euronews"a istinadən məumatına görə, qurumdan bu cür addımların ərəb dövlətlərinin milli təhlükəsizliyinə ciddi təhdid doğurduğu da bildirilib. Liqa həmçinin Türkiyə hökumətindən qoşunların İraqdan qeyd-şərtsiz çıxarılması tələb edib. Ərəb Dövlətləri Liqası xarici işlər nazirlərinin iclası Bağdadın təşkilata müraciəti əsasında keçirilib.

“Biz İraqın bu tələbini dəstəkləməklə, həmrəylik nümayiş etdiririk. Biz Türkiyəni ölkə ərazisindəki qoşunlarını dərhal çıxarmağa və öz sərhədlərinə qayıtmağa çağırırıq”, deyə  qurumun baş katibi Nabil əl-Ərəbi bildirib.

O, həmçinin qeyd edib ki, Türkiyənin İraq ərazisinə ordu yeritməsi ölkə suverenliyinin və beynəlxalq hüquq normalarının pozulmasından başqa bir şey deyil. Bu arada, İraqın xarici işlər naziri İbrahim əl-Cəfəri də məsələyə münasibət bildirib. Onun sözlərinə görə, Türkiyənin bu tələbə əməl etməməsi regionda gərginliyin ciddi şəkildə artmasına səbəb olacaq.

Qahirədən gələn məlumatlarda isə bildirilir ki, təşkilat hazırkı durumda Türkiyənin addımlarına hərbi yolla cavab veriləcəyini az ehtimal edir. Hazırda İraq öz gücünü İŞİD-lə mübarizəyə cəmləşdirib. Eyni zamanda ölkədə siyasi və dini baxımdan ciddi fikir ayrılıqları mövcuddur. Belə olan şəraitdə isə yaranmış gərginliyin həll yolu kimi İraqın diplomatik üsullardan istifadə edəcəyi daha real görünür.

Xatırladaq ki, dekabrın 4-də Türkiyə peşmərgə qüvvələrinin düşərgəsində 130 hərbçi, eləcə də tank və artilleriya silahları cəmləşdirib. Onların burada İŞİD-in nəzarətində olan Mosula hücum etməyə hazırlaşan kürd döyüşçülərə təlim keçdiyi bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv