Bakı məktəbliləri narkomaniyaya qarşı məlumatlandırıldılar
Bu gün Bakının Xəzər rayonunda "Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə" mövzusunda tədbir keçirilib.
APA TV-nin xəbərinə görə, 5 məktəbin 300-dən çox yuxarı sinif şagirdinin iştirak etdiyi tədbirin keçirilməsində əsas məqsəd yeniyetmələrə narkomaniyanın insanlar və cəmiyyət üçün nə qədər böyük təhlükə olduğunu aşılamaq olub.
Tədbirdə RPİ-nin rəisi Azər Muradov, rəis müavini İsmayıl Qasımov, Polis Akademiyasının baş müəllimi Vüqar Mansurov, Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi Samir Ağayev, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
RPİ-nin rəisi Azər Muradov bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu bildirib.
Rəis müavini İsmayıl Qasımov isə Xəzər Rayonu üzrə bu il narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 94 cinayət faktı aşkar olunduğunu, 11 kq 100 qram narkotik vasitənin aşkar olunaraq dövriyyədən çıxarıldığını bildirib: "Bu, kimlər üçünsə kiçik rəqəm sayıla bilər. Amma bu çox böyük rəqəmdir. Bu çəki ilə bütün Xəzər rayon əhalisini zəhərləmək olar. Aşkarlanan narkotikin 500 qramdan çoxu heroindir ki, onun da 1 qramı ilə 10-20 adamı zəhərləmək olar".
Polis Akademiyasının baş müəllimi Vüqar Mansurov şagirdlərə əyani şəkildə narkoman şəxslərin əvvəlki və sonrakı foto şəkillərini göstərərək bunun sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığından bəhs edib.
Tədbirin sonunda bu bəlaya düçar olanlar barəsində süjet təqdim olunub, şagirdləri maraqlandıran mövzular barədə fikir mübadiləsi aparılıb.