Putindən milyarderlərə: "Rusiyanı gözləyən təhlükələr..."

Dekabrın 24-də Rusiya prezidenti Vladimir Putin ölkənin ən böyük iş adamları ilə görüş keçirib.

 

APA TV-nin RBK-ya istinadən xəbərinə görə, Rusiyalı milyarderlərlə görüşün əsas xəttini ölkənin son vaxtlar həm Ukrayna, həm də Türkiyə ilə gərginləşən münasibətləri təşkil edib.


Qəbula 50-yə yaxın biznesmen qatılıb. Bir il öncə keçirilən analoji toplantının mövzusu valyuta böhranı idisə, bu ilki görüşün mətbuata qapalı keçən hissəsində geosiyasi məsələlər və bununla əlaqəli iqtisadi problemlər müzakirə olunub.


Görüşdə iştirak edən milyarderlərdən birinin açıqlamasına görə, Vladimir Putin yaranmış vəziyyətin siyasi mürəkkəbliyini önə çəkib. Rusiya prezidenti iş adamlarına Ukraynanın yanvar ayının 1-dən etibarən Avropa İttifaqı ilə azad ticarət zonasına daxil olacağını, Rusiya ilə isə əksinə, bu formatda ticarəti dayandıracağını xatırladıb. Bunun ilk olaraq Ukrayna ilə əlaqələri olan yerli şirkətlərə öz təsirini göstərəcəyi qeyd olunub. Kreml rəhbəri həmçinin deyib ki, yeni qaydalar gömrük-tarif siyasətində dəyişikliklərə səbəb olacaq ki, bu da rus şirkətlərinə bir sıra çətinliklər yaradacaq. O, iş adamlarını yaranacaq vəziyyətə hazır olmağa çağırıb.


Putin bildirib ki, Ukrayna ilə ticari-iqtisadi əlaqələrdəki durğunluq səbəbindən Ukrayna məhsullarının Belarus və Qazaxıstan ərazisindən tranzit yolu ilə ixrac edilməsi təhlükəsi yaranır. Ukrayna və Avropa İttifaqı ilə ilyarımlıq uğursuz üçtərəfli danışıqların ardından Rusiya bu ölkə ilə 2016-cı il yanvarın 1-dən etibarən azad ticarət rejimini dayandırmaq barəsində qərar verib. Məhz bu tarixdən Ukraynanın Avropa İttifaqı ilə azad ticarət zonası işə düşəcək. Rusiya öz növbəsində hadisələrin bu cür inkişafının ölkə üçün yarada biləcəyi neqativ təsirlərin azaldılmasına çalışır. Rusiya həmçinin Avrozona-da istehsal olunan məhsulların yerli istehsalçıların maraqlarına zidd olaraq, Ukraynadan tranzit yolu ilə rus bazarlarına daxil ola biləcəyindən ehtiyat edir.


Vladimir Putin görüşdə Rusiya-Türkiyə münasibətlərindən də danışıb. Rusiya rəhbəri türk iş adamları ilə əlaqələrin dayandırılması ilə bağlı tapşırıq verməsə də, yaranmış münaqişədə öz ölkəsinin mövqeyini bir daha təkrarlayıb.

Müəllif | Apa.Tv
Apa.tv