Dövlət Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşları qəbul edib
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Şirvanda vətəndaşları qəbul edib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvan Gömrük İdarəsinin inzibati binasında keçirilən qəbula Hacıqabul, Sabirabad və Saatlı rayonlarından olan vətəndaşlar da qatılıb.
Komitənin müvafiq struktur rəhbərlərinin də iştirak etdiyi qəbulda sakinlərin müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və gömrük-keçid məntəqələrində vəziyyət barədə olub.
Qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
Vətəndaşların qəbulu zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib ki, prezident İlham Əliyev gömrük orqanlarında şəffaflığın tam təmin olunması barədə göstəriş verib: "Şəffaflığın tam təmin olunması sahibkarlara həm dəstək olacaq, eyni zamanda süni şəkildə qiymətlərin artırılmasının qarşısı alınacaq. Bu məqsədlə müəyyən addımlar atılmağa başlanıb. Bunlardan birincisi daşınma xərclərinin maksimum dərəcədə aşağı salınmasıdır. Tranzit yüklərinin sığortalama haqları, tərəzi haqları və sair xərclər sığorta şirkətləri və gömrük orqanları tərəfindən alınmır. Artıq 700-dən çox tranzit yüklü avtonəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil olub, onlardan artıq 200-dən çoxu Qazaxıstana və Qırğızıstana daxil olub. Qaldı ki, nəqliyyat vasitələrinin limanda qalması ilə bağlı nə gömrüklə, nə də Sərhəd Qoşunları ilə bağlı heç bir problemləri yoxdur. Problem burda Qazaxıstan tərəfində Aktau limanında yüklərin qəbul edilməsində işlərin sürətləndirilməsindən asılıdır”.