Lənkəranda bayram yarmarkası keçirildi

Lənkəran şəhərində Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkası keçirilib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, səhər saatlarından başlayan yarmarkaya əhalinin tələbatına müvafiq olan müxtəlif növ yeyinti və ərzaq məhsulları çıxarılıb.

 

Lənkəran ŞİH başçısının sosial-iqtisadi məsələlər üzrə müavini İlkin Rəhimovun sözlərinə görə, yarmarkanın keçirilməsində məqsəd süni qiymət artımının qarşısını almaqdan ibarət olub: "Bayram yarmarkasına Lənkəranla yanaşı, Bakı şəhərindən və respublikasının ayrı-ayrı rayonlarından 34 şirkət və fiziki şəxs dəvət olunub. Dəvət olunmuş sahibkarlar yarmarkaya ümumilikdə  387 ton  məhsul gətiriblər".

 

Ekoloji cəhətdən təmizliyi ilə seçilən məhsulların qiymətinin bazar qiymətindən 25-30 faiz aşağı olması rayon sakinləri tərəfindən razılıqla qarşılanıb.

Müəllif | Apa.Tv
Apa.tv