Uşaq Bərpa Müalicə Mərkəzində Yeni il şənliyi keçirildi
Uşaq Bərpa Müalicə Mərkəzi uşaqlar üçün Yeni il şənliyi keçirib. APA TV-nin xəbərinə görə, bayram tədbirində sağlamlıq imkanları məhdud olan uşaqlarla yanaşı, digər uşaqlar da iştirak edib.
Mərkəzin baş həkimi Cəmilə Talıbova çıxış edərək bildirib ki, müalicə etapı keçirən uşaqların əhval ruhiyyəsinə, psixoloji reabilitasiyaya çox böyük ehtiyac var. Buna görə də ənənəvi olaraq belə bayramlar mərkəz tərəfindən qeyd edilir: "Mərkəzin belə bir ənənəsi var. Biz Yeni il şənliklərini, Novruz bayramı şənliklərini mərkəzimizdə öz xəstələrimizlə bir yerdə keçiririk. Mərkəz Səhiyyə Nazirliyi tərəfindən lazımi avadanlıqla təchiz edilib. Belə bayramların belə bir mərkəzdə keçirilməsi, yəni həmin uşaqlar üçün doğma olan reabilitasiya mərkəzinə bayram vaxtında da gəlməsi çox mühüm əhəmiyyət kəsb edir. Bu fikri valideynlər bizə təklif etdilər. Çünki valideynlərlə biz ünsiyyət etdikdə, onlar dedilər ki, biz şənliklərə gedirik. Lakin bəzi hallarda uşaqların sağlamlıq imkanları məhdud olan uşaqlara qarşı münasibətləri qeyri adekvat olur. Bu bayramda nəinki sağlamlıq imkanları məhdud olan uşaqlar, sağlam uşaqlar da iştirak edir. Biz sağlam uşaqlarla sağlamlıq imkanları məhdud olan uşaqlar arasında bir inteqrasiya yaratmaq istəyirik. Yəni onlar başa düşməlidirlər ki, həyatda sağlamlıq imkanları məhdud olan uşaqlar da var. Bununla biz kiçicik də olsa, bir qədər dəstək veririk bu uşaqlara. Xoşdur ki, valideynlər də gəlib, uşaqlar da. Həkimlərimiz, tibb işçilərimiz inanır ki, bu gündən sonra uşaqların əhval-ruhiyyəsində, sağlamlığında daha da müsbət dönüş olacaq".
Daha sonra uşaqları əyləndirmək üçün bayram şənliyinə şən klounlar qatılıb.
Tədbirin sonunda bayramın rəmzləri sayılan Şaxta baba və Qar qız gəlib. Uşaqlar onlarla şeir deyib, rəqs ediblər.
Qeyd edək ki, Uşaq Bərpa Müalicə Mərkəzində 2 minə yaxın sağlamlıq imkanları məhdud olan uşaqlar müalicə alır.