Salyanda yeni yaşayış evləri müharibə əlili və şəhid ailələrinin istifadəsinə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Salyanda 17 fərdi yaşayış evini müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, evlərin 8-i Çuxanlı, 3-ü Qarabağlı, qalanı isə Aşağı Noxudlu, Şəkərli, Kürsəngi, Babazanlı və Kürkənd kəndlərində tikilib. 10-u ikiotaqlı, 7-si üçotaqlı olan fərdi yaşayış evlərinə qaz və elektrik xətləri çəkilib, istilik sistemi quraşdırılıb. Evlərin hər biri mebel və digər zəruri avadanlıqlarla təchiz edilib.

 

Fərdi yaşayış evlərinin  əlil və şəhid ailələrinə təqdim olunması münasibətilə keçirilən mərasimdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, ölkəmizdə əlil və şəhid ailələrinin cəmiyyətə inteqrasiyası, onların reabilitasiyası, mənzillə təminatı daim diqqət mərkəzindədir və bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin əlil və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncamı bunun əyani nümunəsidir.

 

Yeni fərdi yaşayış evləri ilə təmin olunan müharibə əlilləri və şəhid ailələri ölkəmizdə hər bir vətəndaşın, o cümlədən imtiyazlı insanların sosial rifahının təmin olunması üçün aparılan siyasəti təqdir ediblər.

 

Sonda mərasim iştirakçıları fərdi yaşayış evlərinə baxış keçirib.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı