Əli Həsənov: "Hökumət çalışır ki, devalvasiyanın mənfi nəticələri aradan qaldırılsın"
Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov manatın son devalvasiyası və nəticədə baş verən qiymət artımına münasibət açıqlayıb.
APA TV-nin xəbərinə görə, Əli Həsənov bildirib ki, süni qiymət artımının qarşısının alınması üçün hökumət tərəfindən müvafiq tədbirlərin görülməsi bundan sonra da davam edəcək.
"Bununla bağlı müvafiq qurumlar açıqlama verib. İqtisadiyyat və Sənaye Nazirliyi, Nazirlər Kabineti və digər qurumlar artıq bu işlə məşğuldur. Hal-hazırda Azərbaycan hökuməti çalışır ki, bu devalvasiyanın mənfi nəticələri aradan qaldırılsın, xüsusən də bazar iqtisadiyyatına çətin uyğunlaşan sosial təbəqələr, pensiyaçılar, əlillər və öz həyatını dövlət yardımı ilə quran insanlar bu devalvasiyanın nəticələrindən qurtarsın. Digər sahələrdə də tədbirlər görülür. O cümlədən dərman məmulatlarının və ərzağın qiyməti ilə, idxal-ixrac əməliyyatları, korrupsiya, inhisarçılıq hallarının hələ də haradasa ilişib qalmış, aradan qaldırılmamış sahələri ilə bağlı tədbirlər görülür. Dövlət çalışır ki, həm bazar iqtisadiyyatı mexanizmləri, həm də hakimiyyətin bu və ya digər sahələrə müdaxiləsi yolu ilə bu devalvasiyanın ağır sosial nəticələrini aradan qaldırsın" - deyə o qeyd edib.